BAKI, 20 noyabr. TELEQRAF

Türkiyədə mənzillər bahalaşıb. Belə ki, ölkə üzrə mənzillərin orta kvadratmetrinin qiyməti 42 548 lirəyə (manat ekvivalentində 1 707 manat) çatıb. Bu isə 100 kvadratmetrlik bir mənzilin təxminən 4,2 milyon lirəyə satıldığını göstərir.

Teleqraf Türkiyə Mərkəzi Bankına istinadən xəbər verir ki, mənzillərin qiymətnin ən yüksək olduğu bölgə Muğladır. Pandemiyadan sonra insanların yaylıq bölgələrə daha çox üz tutması və Bodrumun məşhur turizm mərkəzinə çevrilməsi Muğlada qiymətlərin ciddi şəkildə artmasına səbəb olub. Hazırda Muğlada bir mənzilin kvadratmetri 74 391 lirədir.

Muğladan sonra ikinci sırada İstanbul yer alıb. Şəhərdə mənzillərin kvadratmetri 68 722 lirə təşkil edir. Bu da 100 kvadratmetrlik mənzilin təxminən 6,8 milyon lirəyə başa gəlməsi deməkdir.

Siyahının növbəti pillələrində Antalya (48 min 203 lirə), İzmir (47 min 50 lirə), Çanaqqala (44 min 595 lirə) və Aydın (43 min 482 lirə) yer alır. Bu şəhərlərdə də qiymətlər ölkə üzrə orta göstəricidən yüksəkdir.

Qeyd edək ki, azərbaycanlılar illərdir Türkiyənin mənzil bazarının aktiv iştirakçılarıdır. Cari ilin oktyabrında Azərbaycan vətəndaşları qonşu ölkədən 96 daşınmaz əmlak alıblar. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 23,08 faiz artıb.