BAKI, 14 noyabr. TELEQRAF

Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.

Teleqraf xəbər verir ki, bu sözləri Xankəndi şəhərində keçirilən türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bildirib.

Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində yerləşdiyini qeyd edən Xidmət rəisi deyib ki, həmin nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir.