BAKI, 12 noyabr. TELEQRAF

"2026-cı il üçün təhsil və elm xərclərinə 5,2 milyard manat vəsait nəzərdə tutulur. Bu, cari illə müqayisədə 68,4 milyon manat və ya 1,3 faiz, ötən illə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur."

Teleqraf xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisdə Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında deyib.

O bildirib ki, gələn il dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsinin digər tədbirləri üçün 616 milyon manat vəsait ayırılacaq:

“Bu, cari ilə müqayisədə 48 milyon manat və ya 8,4% çoxdur.

Həmin vəsaitin 412 milyon manatı təhsil xərcləri, 177 milyon manatını təqaüd xərcləri, 27 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək.

2022-ci illə müqayisədə təhsil və elmə ayrılan vəsait mütləq ifadədə 1,4 milyard manat və ya 35,7% artıb.

Növbət il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildə olan digər tədbirlər üçün 632 milyon manat vəsait nəzərdə tutulur.

Bu, keçən illə müqayisədə 135 milyon manat və 27 faiz, cari illə müqayisədə 10 milyon manat və ya 1,6 faiz çoxdur. Son 5 ildə bu istiqamətdə ayırılan vəsait 227 milyon manat və ya 56 faiz artıb. Qeyd edim ki, növbəti il üçün ayırılan vəsaitin 241 milyon manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyətin 78,7 milyon manatı televiziya, radio və nəşriyyat tədbirlərinin, 50 milyon manatı bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin, 22,8 milyon manatı yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlərinin maliyyələşdirilməsinə sərf olunacaq”.