BAKI, 6 noyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
Teleqraf xəbər verir ki, bu barədə bu barədə bp-nin hesabatında bildirilib.
İlin ilk doqquz ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 21 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.
Bu da qaz hasilatının ötən ilin eyni dövrü ilə müqayisədə 5% artdığını, kondensat hasilatının isə təqribən 7,7% azaldığını göstərir.
Xatırladaq ki, ötən ilin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 26 milyon barel) kondensat hasil edilmişdi.
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 75,7 milyon (ildə təqribən 27,6 milyard) standart kubmetrdir.