BAKI, 21 oktyabr. TELEQRAF

Rusiyada dəmir yolu ilə yükdaşıma tarifləri son 1,5 ildə təxminən 19% artıb.

Teleqraf "TASS"-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Şurasının Sənaye Komissiyasının sədri Vyaçeslav Fedorişşev Dövlət Şurasının Beynəlxalq Əməkdaşlıq, İxrac və Sənaye Komissiyasının birgə iclasında bildirib.

"Bu, iqtisadiyyata və biznesin inkişafına əhəmiyyətli təsir göstərsə də, son il yarım ərzində dəmir yolu ilə yükdaşıma tarifləri demək olar ki, 19% artıb. Logistika xərcləri kimya məhsullarının ixrac dəyərinin 60-70%-ni təşkil edir" -deyə o qeyd edib.

Onun sözlərinə görə, əsas problemlər logistika və əmtəə qiymətlərinin artması ilə bağlıdır.

Qeyd edək ki, daha əvvəl Rusiya Federasiyasının 2025-ci il və 2026–2028-ci illər üçün planlaşdırılan dövr üzrə sosial-iqtisadi inkişaf proqnozunda bildirilirdi ki, ölkədə yük daşımaları üzrə dəmiryolu tarifləri 2025-ci il dekabrın 1-dən etibarən 10% indeksləşdirilə bilər.