BAKI, 17 oktaybr. TELEQRAF

İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlara əsasən, 2026–2029-cu illərdə ölkə iqtisadiyyatında sabit artım davam edəcək.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2026-cı ilin sonuna Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 134,1 milyard manat təşkil edəcək. Həmin dövrdə qeyri-neft-qaz sektorunda ÜDM-in 101,7 milyard manata çatacağı gözlənilir.

2027-ci ildə ÜDM-in 142,1 milyard manat, qeyri-neft-qaz ÜDM-in isə 110,2 milyard manat proqnozlaşdırılır. 2028-ci ilin sonuna bu göstəricilər müvafiq olaraq 150,4 milyard manat və 119,6 milyard manat təşkil edəcək.

2029-cu ildə isə ölkə üzrə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata qədər artacağı proqnozlaşdırılır.

Ortamüddətli dövrdə ümumi daxili məhsulun real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempinin isə 4,9 faiz olacağı gözlənilir.