BAKI, 15 oktyabr. TELEQRAF
Son 5 ildə xəstəxanalarımızın radioloji parkı 70 faiz səviyyəsində yenilənib.
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda jurnalistlərə açıqlamasında bildirib.
"Son illərdə dövlət xəstəxanalarında əvvəllər mümkün olmayan, dəyəri yüksək və həyati vacib bəzi prosedurlar da artıq icra edilir. Xüsusilə, ürək əməliyyatları sahəsində mühüm irəliləyişlər əldə olunub. Hazırda Şirvan, Lənkəran və Şəki rayonlarında ürək mərkəzləri fəaliyyət göstərir. Son 5 il ərzində xəstəxanalarımızın radioloji parkı (MRT, KT avadanlıqları) 70 faiz səviyyəsində yenilənib.
Lənkəranda Urologiya Mərkəzi, Qubada isə Travmatologiya Mərkəzi açılıb. Yeni klinikada isə Fizioterapiya və Reabilitasiya Mərkəzi robotik üsullarla fəaliyyət göstərəcək. Vətəndaşların ehtiyaclarını təhlil edərək xidmətləri yalnız Bakıda deyil, regionlarda da genişləndiririk ki, onların böyük şəhərlərə axını azalsın və hər kəs yaşadığı bölgədə keyfiyyətli tibbi xidmət ala bilsin."- deyə o qeyd edib.