BAKI, 15 oktyabr. TELEQRAF

Formalaşan qlobal sağlamlıq ekosistemi investorlarla startaplar, rəqəmsal transformasiya layihələri arasında əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının WFWO Asiya-Sakit Okean və Ərəb regionu üzrə İcraçı Sədri, CHMTA Assosiasiyasının Prezidenti Jia Xiao Fang Bakıda keçirilən ikinci Azərbaycan sağlamlıq turizmi konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sağlamlıq turizmi təkcə tibbi xidmətlərlə məhdudlaşmır: "Bu sahə tibbi, diş, ənənəvi Çin təbabəti, spa və wellness, idman, əlçatan turizm, kulinariya və hətta müsəlman ölkələri üçün sağlamlıq turizmini əhatə edir. Bu geniş ekosistem yaxın illərdə qlobal turizm sənayesinin əsas inkişaf istiqamətinə çevriləcək.”

Çin bazarından nümunə gətirən Jia Xiao Fang bildirib ki, bu ölkə həm səhiyyə, həm də turizm üzrə dünyanın ən böyük bazarıdır.

“Çində 1–8 oktyabr tarixləri ərzində ölkə daxilində 889 milyon səyahət həyata keçirilib. Bu, ötən illə müqayisədə 128 milyon artım deməkdir. Cəmi səkkiz gün ərzində daxili turizm gəliri 809 milyard yuan təşkil edib. Bu, qlobal miqyasda analoqu olmayan göstəricidir.”

O, Azərbaycanın bu nəhəng bazardan pay qazanmaq üçün sağlamlıq turizmi məhsullarını Z, Y və X nəsillərinin maraqlarına uyğun formalaşdırmasının vacibliyini vurğulayıb:

“Xüsusilə Z nəsli onlayn rezervasiyalarda əsas paya malikdir – bu nəsil istifadəçilərin təxminən 36 faizini təşkil edir. Buna görə də turizm məhsulları hazırlanarkən hədəf auditoriyanın yaş qrupları nəzərə alınmalıdır.”