BAKI, 8 oktyabr. TELEQRAF

Qlobal bazarlarda gümüşün bir unsiyası sürətlə bahalaşaraq 50 dollara yaxınlaşıb. Gümüşdəki artım tempi qızılı belə geridə qoyub.

Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə saat 17:32-ə olan göstəriciyə görə, COMEX-də gümüşün bir unsiyasının fyuçersləri 48.875 ABŞ dollar təşkil edib.

Analitiklərin fikrincə, qiymətlərin bu şəkildə artması sənaye tələbinə təsir göstərə və bazarda müəyyən dəyişkənliyə səbəb ola bilər

Yay mövsümündən bəri davam edən sabit yüksəliş fonunda gümüşün qiyməti cari ilin əvvəlindən təxminən 67% artaraq bir unsiya üçün 48 dollardan yuxarı səviyyəyə qalxıb. Müqayisə üçün bildirək ki, bu dövrdə qızılın bir unsiyası 50% bahalaşaraq 4000 dollar həddinə çatıb.

Hazırda qızıl-gümüş nisbəti 81 səviyyəsində ticarət olunur ki, bu da son bir ilin ən aşağı göstəricisi olmaqla yanaşı, son beş ilin orta səviyyəsindən də aşağıdır.

Sənaye tələbi və azalma riski

"Britaniyanın Metals Focus" tədqiqat şirkətinin analitikləri hesab edirlər ki, gümüşün bahalaşması sənaye müəssisələrini bu metaldan daha qənaətlə istifadə etməyə məcbur edə bilər. Bu, xüsusilə günəş enerjisi sektorunda özünü göstərə bilər. Çünki gümüş fotovoltaik (PV) günəş panellərinin istehsalında əsas materiallardan biridir.

Gümüş İnstitutu və Metals Focus tərəfindən hazırlanan illik "World Silver Survey" hesabatına görə, bu il günəş enerjisi sektoru 195,7 milyon unsiya gümüş istehlak edəcək. Bu da 2024-cü ilin rekord göstəricisindən 1 faiz azdır.

Analitiklər bildirirlər ki, fotovoltaik (PV) günəş panel istehsalçıları artıq hər vatt üçün gümüş sərfini azaltmaqda mühüm nəticələr əldə ediblər. Lakin son qiymət artımı onları xərcləri azaltmaq üçün yeni yollar axtarmağa sövq edir. Texnologiyanın inkişafı və istehsal miqyasının böyüməsi nəticəsində yaxın illərdə bu sektorda gümüşdən istifadə daha da azalacaq.

Mütəxəssislərin fikrincə, texnoloji yeniliklər və gümüşün digər materiallarla əvəz olunması bu il ərzində hər vatt üçün gümüş istifadəsini 15–20 faiz azalda bilər.

Təklifdə azalma və qiymət proqnozları

"Metals Focus" şirkətinin idarəedici direktoru Filip Nyuman bildirib ki, sənaye tələbində kəskin azalma baş verməzsə, bazarda təklif və tələb arasında ciddi dəyişiklik gözlənilmir.

Onun sözlərinə görə, 2025-ci ildə sənaye tələbi bir qədər zəifləsə də (iqtisadi qeyri-müəyyənlik fonunda), bazarda təklif çatışmazlığının 187,6 milyon unsiyaya çatacağı gözlənilir. Bu, müşahidə tarixində üçüncü ən yüksək göstərici sayılır.

“Qıtlıq davam etdikcə investisiya tələbinin artması gözlənilir ki, bu da qiymətləri dəstəkləməyə davam edəcək,” – deyə Nyuman vurğulayıb.

Orta müddətli perspektivdə gümüş qıtlığı yüksək səviyyədə qalacaq və sənaye tələbi sabitliyini qoruyacaq.

Günəş enerjisi gümüş tələbatını dəstəkləyir

Analitiklər qeyd edirlər ki, qiymətlərin yüksəlməsi bəzi şirkətləri gümüşdən daha az istifadə etməyə vadar etsə də, günəş enerjisi sektorundakı sürətli inkişaf metala olan ümumi tələbi qorumaqda davam edəcək.

Qeyde dək ki, bu ilin birinci yarısında ABŞ-də günəş enerjisi və enerji saxlama sistemləri yeni enerji güclərinin 82 faizini təşkil edib. Bu göstərici yaşıl enerji sektorunun genişlənməsinin və gümüşə olan tələbin yaxın perspektivdə sabit qalacağının göstəricisi hesab olunur.