BAKI, 7 oktyabr. TELEQRAF
24 sentyabr – 6 oktyabr tarixlərində Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 159 reys həyata keçirilib, III MDB Oyunlarında çıxış edən 2000-dən çox idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan oyunların keçirildiyi şəhərlərə daşınması təmin olunub.
Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, yarışları bitirən 550-dən çox idmançı və nümayəndə heyəti üzvünün isə hava limanlarına geri daşınması həyata keçirilib.
Həmçinin tədbirlərin keçirildiyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 avtobus ayrılıb. İndiyədək həmin avtobuslarla şəhərdaxili daşımalarda 3850 reys həyata keçirilib, 16400 idmançı və nümayəndə heyətinin üzvü tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdırılıb.
Bundan əlavə, Azərbaycana gələn qonaqların həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanından oyunların keçirildiyi şəhərlərə daşınması şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 avtobus cəlb edilib.
Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb olunublar.