"Ölkə üzrə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi yerinə yetirilməyib. Bu da baytarlıq sahəsi üzrə bir sıra xüsusi təhlükəli xəstəliklərin profilaktik peyvəndləmə işlərinin planlaşdırılması və icrasında mütərəqqi təcrübələrə, risk əsaslı yanaşmalara deyil, ümumi naxırda tam sürü prinsipinə üstünlük verilməsini şərtləndirib".
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditinin nəticələrində qeyd edilib.
Qeyd edilib ki, identikləşdirilmə prosesinin lazımi səviyyədə həyata keçirilməməsi və elektron informasiya sisteminin formalaşdırılmaması şəraitində, həmçinin heyvanların hərəkətinin izlənilməsi, profilaktik peyvəndləmə işlərinin ünvanlılığının (həqiqiliyinin) müəyyənləşdirilməsi mümkünsüz olub.
Eyni zamanda, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş saylarının hesabatlılıq göstəriciləri Dövlət Statistika Komitəsinin göstəricilərindən əhəmiyyətli (11,0-16,0% intervalında) fərqlənməklə ölkə üzrə uçotun etibarlı olmaması müəyyən edilib.
Sənədə əsasən, heyvanların identikləşdirilməsi prosesi ilə bağlı strateji hədəflər, illik əməliyyat planları və daxili nəzarəti təmin edən monitorinq reqlamentləri mövcud olmayıb:
"Qeyd olunan və digər hallar uzun illər davam edən sahəvi inzibatçılıq modelinin dövlət sektoru kontekstində düzgünlük aspektlərinə cavab vermədiyini göstərir. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planı ilə nəzərdə tutulan müvafiq hədəflərə 2025-ci ilin sonunadək nail olunmayacağını demək üçün əsaslar yaranıb".
O da məlum olub ki, heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39004,4 min manat məbləğində vəsaitin xərclənib. Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayı fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilib.