BAKI, 24 sentyabr. TELEQRAF

Oktyabrın 7-8-də Bakı Azərbaycan Halal Biznes (AZHAB) Forumuna ev sahibliyi edəcək.

Teleqraf xəbər verir ki, forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Sürətlə dəyişən dünyada halal sənaye dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunacaq.

İki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir. Forumda yerli və xarici ölkələrdən olan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər, akademik dairələr, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək.

“AZHAB Forumu 2025” konfrans və sərgi olmaqla iki hissədən ibarət olacaq. Konfrans çərçivəsində halal sənayenin ənənəvi sahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesin idarəolunması, yaşıl keçid, biznesdə qadınların rolu və digər yeni istiqamətlər müzakirə ediləcək. Həmçinin, forumun ilk iclası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsinə xidmət edən “İƏT-in KOB-lar Şəbəkəsinin” (OIC-SMENET) rəsmi təsis mərasiminə həsr olunacaq.

Forumun sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdən olan şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər nümayiş olunacaq. Ötən ilki forum çərçivəsində təşkil olunmuş sərgidə 30-a yaxın yerli və xarici şirkət məhsul və xidmətlərini təqdim edib. Bu ilki sərginin isə daha geniş miqyasda və daha çox ölkənin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Hazırda sərgidə iştirakla bağlı yerli və xarici şirkətlərin qeydiyyatı davam edir.