BAKI, 24 sentyabr. TELEQRAF

"Düşünürəm ki, MDB ölkələrində məlumatların sui-istifadəsi və dezinformasiya hələlik o qədər böyük problem deyil, amma bir çox ölkələrdə bu həqiqətən də kifayət qədər ciddi problemdir. Məlumatların sui-istifadəsi və dezinformasiyaya qarşı strateji yanaşma zəruridir.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) Statistika Şöbəsinin Direktoru Tina Luyqe Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.

UNECE rəsmisi qeyd edib ki, milli statistika sistemi çərçivəsində məlumatların idarə olunması və koordinasiyası statistika ofislərinin əsas vəzifələrindən biridir, lakin bunun tətbiqi həmişə asan olmur:

"Statistika ofislərində məlumatların idarə olunmasında əsas yanaşmalardan biri "yalnız bir dəfə təqdim etmə" prinsipidir. Bu prinsipə əsasən, vətəndaşlar və şirkətlər məlumatları dövlət qurumlarına yalnız bir dəfə təqdim edir və bu məlumatlar qurumlar arasında paylaşılır".

Tina Luyqe əlavə edib ki, sosial şəbəkələrdən əldə edilən məlumatların isə rəsmi statistikada istifadəsi məhduddur:

"Rəsmi statistikanın aktuallığını qorumaq üçün getdikcə daha çox seqmentləşdirilmiş məlumatların hazırlanması vacibdir".