BAKI, 24 sentyabr. TELEQRAF
"2026-2030-cu illərdə rəsmi statistikanın inkişafına dair növbəti Dövlət Proqramında Azərbaycanın milli statistika sisteminin qarşısında duran yeni hədəflər də artıq müəyyən edilib.
Teleqraf xəbər veri ki, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bakıda keçirilən "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunda qeyd edib.
O bildirib ki, Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq edir:
"Bu kontekstdə Koreya Statistika Komitəsi ilə əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Belə ki, həmin qurumla 2018-2022-ci illərdə 5 birgə layihə icra olunub, bu layihələr çərçivəsində yaradılan “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi, “İnzibati məlumatların idarə olunması sistemi - ADİS” və elektron təlim (E-learning) portalları istifadəyə verilib.
Hesab edirəm ki, milli statistika sistemlərinin inkişafı, yeni hədəflərin müəyyən edilməsi baxımından 2023-cü ildən etibarən MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən təşkil olunan və artıq ənənə halını alan Beynəlxalq Statistika Forumları xüsusi əhəmiyyət daşıyır. Qlobal statistik təşəbbüslərə inteqrasiyaya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə töhfə verən bu Forumların təşkilində əsas məqsəd müxtəlif ölkələrin statistika qurumlarını, beynəlxalq təşkilatları, elmi dairələrin nümayəndələrini bir araya gətirmək, statistika sahəsində qabaqcıl bilik və təcrübələri bölüşmək, eləcə də birgə layihələrin təşviqi üçün əlverişli mühit yaratmaqdır", - Tahir Budaqov əlavə edib.