"Qazaxıstanın Azərbaycanla birgə investisiya layihəsi həyata keçirməsindən dərin məmnunluğumu bildirmək istərdim".

Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində keçirilən brifinq zamanı “Fonte GreenMet Investments Fund OEIC Ldt.”-nin baş direktoru Yerjan Musin deyib:

"Əminəm ki, "Daşkəsən Dəmir Filiz" MMC ilə birgə idarə edəcəyimiz "Azərbaycan Metal Şirkəti" "Fonte GreenMet" İnvestisiya Fondunun xarici investisiya layihələri arasında xüsusi strateji yer tutacaq və investisiya portfelimizin mühüm hissəsinə çevriləcək. Bu əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, həm də elmi-texniki biliklərin mübadiləsinə, müasir texnologiyaların tətbiqinə, birgə innovativ istehsalın təşkilinə böyük perspektivlər açır. Bu layihənin həyata keçirilməsi Azərbaycanın yüksək keyfiyyətli metallurgiya məhsulları istehsalçısına çevrilmək imkan verəcək. Bu da öz növbəsində bütün Qafqaz regionunun sənaye xəritəsində yeni səhifə açacaq".

Qeyd edək ki, “Daşkəsən Dəmir Filizi” MMC ilə "Fonte GreenMet Investments Fund OEIC Limited" arasında yüksək tərkibli isti briketlənmiş dəmir istehsalı üzrə birgə müəssisənin yaradılmasına dair Saziş imzalanıb. Sənədi “Daşkəsən Dəmir Filizi” MMC-nin direktoru Ceyhun Əliyev və Fonte GreenMet Investments Fund OEIC Limited-in baş icraçı direktoru Yerzhan Mussin imzalayıb.