BAKI, 22 sentyabr. TELEQRAF

Qobustan rayonunda Aqrar İnnovasiya Mərkəzi, Rayon İcra Hakimiyyəti və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, festival fermerlərin keyfiyyətli toxum materialları ilə təmin edilməsinə, bölgədə kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına və aqrar sahədə davamlı inkişafın təşviqinə xidmət edir.

Yarmarkada Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən toxum istehsalçıları, eləcə də dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Yarmarka çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan vahid stenddə ölkənin müxtəlif bölgələri üçün sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri nümayiş etdirilib, mütəxəssislər tərəfindən fermerlərin diqqətinə torpaq və iqlim xüsusiyyətlərinə uyğun toxumların seçilməsinin əhəmiyyəti çatdırılıb.

Bildirilib ki, bu bölgə üzrə “Lider”, “Ləyaqətli-80”, “Yubiley-90”, “Gaudio”, “Maurizio”, “Lucilla” yumşaq buğda sortları, eləcə də “İdra”, “Dəyanətli” və “Finola” arpa sortlarının istifadəsi məqsədəuyğundur.

Həmçinin, festival çərçivəsində “EMA Agro” şirkətinin aqronom mütəxəssisi tərəfindən fermerlərə “Dənli bitkilərin əkin qabağı mühafizəsi qaydaları” mövzusunda təlim keçilib. Təlim zamanı düzgün toxum hazırlığı və əkindən öncə profilaktik tədbirlərin görülməsi və məhsul itkisinin əhəmiyyətli dərəcədə təsiri barədə məlumat verilib.

Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov kənd təsərrüfatının bölgənin sosial-iqtisadi inkişafında xüsusi rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür festivallar fermerlərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onlara bazar imkanlarına çıxış və dövlətin dəstək proqramlarından daha səmərəli istifadə imkanı qazandırır.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə çıxışında bildirib ki, Aqrar Biznes Festivalları artıq ənənəvi xarakter alıb və bölgələrdə dövlət-özəl əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır. O, bu tədbirlərin fermerlərin yeni texnologiyalar və innovativ yanaşmalarla tanışlığı baxımından əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, Qobustanda təşkil olunan bu yarmarka ölkənin müxtəlif bölgələrində keçirilən toxum sərgi-satış tədbirlərinin davamıdır və cari ildə 10-dan artıq rayonda belə tədbirin reallaşdırılması planlaşdırılır.