BAKI, 3 sentyabr. TELEQRAF
Mərkəzi Bank fintech.cbar.az adlı informasiya platformasını və “Fintech_by_cbar” adlı sosial media səhifələri (Instagram və LinkedIn) ictimaiyyətin istifadəsinə verilib.
Teleqraf xəbər verir ki, yeni veb-sayt, maliyyə texnologiyaları və innovasiyalar mövzusuna həsr olunub. Platforma üzərindən istifadəçilərə ölkədə rəqəmsal maliyyə sahəsində baş verən son yeniliklər, AMB-nin bu istiqamətdə gördüyü işlər, planlaşdırılan tədbirlər və rəqəmsal həllərə dair məlumatlar təqdim edilir.
Saytda, həmçinin xüsusi tənzimləmə rejimi, açıq bankçılıq konsepsiyası, virtual aktivlər və paylanılmış “KYC” kimi mühüm sahələrə dair ən son yeniliklər və normativ yanaşmalar ətraflı şəkildə əks olunur. İstifadəçi dostu interfeysə malik olan platforma bu sahədə fəaliyyət göstərənlər üçün dəyərli resurs rolunu oynayır.
Bununla yanaşı, Instagram və LinkedIn platformalarında yaradılmış “Fintech_by_cbar” səhifələri vasitəsilə həm ölkədə, həm də beynəlxalq miqyasda maliyyə texnologiyaları sahəsində baş verən yeniliklər sosial media izləyicilərinə çatdırılacaq. Bu səhifələrdə maraqlı və interaktiv məzmunların paylaşılması ilə ictimaiyyət arasında bu sahəyə marağın artırılması, maariflənmənin genişləndirilməsi hədəflənir.
Yeni rəqəmsal platformaların AMB ilə ekosistem iştirakçıları arasında innovasiyayönümlü əməkdaşlığı təşviq edəcəyi və sektorun dayanıqlı inkişafına töhfə verəcəyi gözlənilir.