BAKI, 2 sentyabr. TELEQRAF

Bu ilin yanvar-iyul ayları ərzində Keyfiyyət informasiya sistemi vasitəsilə standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiq olunması ilə bağlı 2826 müraciət daxil olub, müraciətlər əsasında 1183 ölçmə vasitəsinin tipi təsdiq olunaraq sertifikat hazırlanıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, bunlardan 550 müraciət üzrə ölçmə vasitəsinin olmaması, 180 müraciət üzrə isə tipi təsdiq olunmuş ölçmə vasitələrinin dövlət reyestrində olması ilə bağlı məktub hazırlanaraq elektron qaydada cavablandırılıb. 347 müraciət imtina olunub. 566 müraciət üzrə araşdırma davam edir.

2025-ci il ərzində tipi təsdiq olunmuş ölçmə vasitələri arasında fiziki-kimyəvi ölçmə vasitələri, təzyiq, sərf və həcm ölçmə vasitələri, tibbi ölçmə vasitələri daha üstün mövqedədir və ümumi verilmiş sertifikat sayının 47%-ni təşkil edir.

Qeyd edək ki, standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması ilə bağlı müraciətlər 2024-cü il mayın 1-dən etibarən Keyfiyyət infomasiya sistemi vasitəsilə həyata keçirilir.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikat almaq üçün müraciətçi ərizə ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edir və ərizəyə standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri, istehsalçı müəssisənin sənədlər dəsti, mövcud olduqda istehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən tipin təsdiqi haqqında sertifikat, standart nümunənin və ya ölçmə vasitəsinin təsviri, həmçinin onların yoxlama metodikası əlavə olunur.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədi ilə Agentliyə daxil olmuş ərizə qeydiyyata alındıqdan sonra 3 (üç) gün müddətində daxil olmuş sənədlər sınaqların keçirilməsi üçün akkreditasiya edilmiş sınaq laboratoriyasına göndərilir. Sınaq laboratoriyası sınaqlar başa çatdıqdan sonra 3 (üç) gün müddətində standart nümunələrin və ya ölçmə vasitələrinin sınaq aktını Agentliyə göndərir. Sınaq aktı əsasında 3 (üç) gün müddətində Agentlik qərar qəbul edir və 1 (bir) gün müddətində tipin təsdiqi barədə sertifikat hazırlanır. Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə hazırlanmış sertifikatlar fiziki və hüquqi şəxslərə Bakı KOB Evində təqdim olunur.

Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikat 5 il müddətinə verilir. Tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar dövlət reyestrinə daxil edilir. İctimaiyyətə açıq olan bu məlumatlar şəffaflığın təmin olunmasına xidmət edir və daimi olaraq yenilənir.

Hüquqi və fiziki şəxslər hər hansı bir standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiq edilib-edilmədiyi barədə məlumatları Keyfiyyət informasiya sisteminin “İnformativ xidmətlər” bölməsindən əldə edə bilərlər. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30.4-cü maddəsinə əsasən, 30 AZN məbləğdə dövlət rüsumu nəzərdə tutulur.