BAKI, 25 avqust. TELEQRAF

Bu ilin I yarımilində elektron satınalmaların həcmi 1 milyard 632,7 milyon manat təşkil edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü (1.455,7 mln. manat) ilə müqayisədə 12,2% çoxdur. Müsbət dinamika dövlət satınalmalarının “E-tender.gov.az” vahid internet portalında funksionallığın genişləndirilməsi, prosedurların sadələşdirilməsi, təchizatçıların prosesə daha rahat qoşulması və rəqabət imkanlarının artması ilə bağlıdır.

Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrünə nəzərən 38,6% artaraq 329,2 milyon manat təşkil edib. Əldə olunan nəticələr dövlət vəsaitlərinin məqsədyönlü istifadəsi ilə əlavə xərclərin minimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi hesabına təmin edilib.

Cari ilin 6 ayı ərzində açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 4,3, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,7 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta iştirakçı sayı ümumilikdə 2,8% artıb, o cümlədən açıq tender metodu üzrə 7,5% artım qeydə alınıb, kotirovka sorğusu metodu üzrə isə bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisi ilə eynilik (3,4) təşkil edib. Çoxiştirakçılığın təmin edilməsi satınalma proseslərində sahibkarların bərabər imkanlarla iştirakına və bazara çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə sahibkarlıq mühitinin inkişafına və iqtisadi fəallığın artmasına töhfə verir.

Bundan əlavə, dövlət satınalmalarında şəffaflığın təmin edilməsi və ədalətli rəqabət mühitinin qorunması, o cümlədən müraciətlərin çevik emalı istiqamətində müntəzəm tədbirlər görülüb. Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar Agentliyə daxil olan 789, digər məsələlərlə əlaqədar isə 239 müraciətə baxılıb. Müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 501 yekun protokol ləğv edilib.