BAKI, 14 avqust.TELEQRAF
Bu ilin yanvar-iyun aylarında ölkədə 577 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azdır.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, baş verən qəzalar nəticəsində zərərçəkənlərin sayı 12,8 faiz azalaraq 812 nəfər təşkil edib. Onlardan 313-ü həlak olub, 499-u isə yaralanıb.
Hadisələrin 44,7 faizi gündüz, 41,4 faizi gecə, 13,9 faizi isə toran vaxtı baş verib. Qəzaların 30,3 faizi şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş verib. Bu qəzalarda həlak olanların sayı ötən ilin eyni dövrünə nisbətən 7,9 faiz azalaraq 223 nəfər, yaralananların sayı isə 15,3 faiz azalaraq 472 nəfər olub.
Ümumilikdə qəzalardan 42,1 faizi nəqliyyat vasitələri ilə piyadalar arasında, 36,9 faizi bir neçə nəqliyyat vasitəsi arasında, 21 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Qəzalar nəticəsində həlak olanların 76,7 faizini, yaralananların isə 70,9 faizini kişilər təşkil edib.