BAKI, 13 avqust. TELEQRAF

İyul ayında Türkiyədə əcnəbilərə, ümumilikdə, 1 913 ev satılıb. Azərbaycan vətəndaşları isə ötən ay qonşu dövlətdən 93 daşınmaz əmlak alıblar. Bu göstərici iyun ayı ilə müqayisədə 31 faiz artım deməkdir.

Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, iyulda Türkiyənin xaricilərə mənzil satışı əvvəlki ilin eyni ayına görə 18,6 faiz azalıb. Yanvar-iyul ayları ərzində isə əcnəbilərə mənzil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azalaraq 11 267 təşkil edib.

İyulda ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (315). İkinci yerdə İran vətəndaşları qərarlaşıb – onlar Türkiyədən 152 ev alıb. Almaniya vətəndaşları isə ötən ay 135 mənzil alaraq üçüncü yerdə qərarlaşıblar.

Xatırladaq ki, iyunda azərbaycanlılar Türkiyədən 71 mənzil alıb. 2024-cü ildə isə ümumilikdə 866 mənzil alınıb.