BAKI, 12 avqust. TELEQRAF

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, ən yüksək orta aylıq nominal əməkhaqqı müşahidə olunan sahələr iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı olub.

Onu da bildirək ki, iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1770,8 min nəfər təşkil edib.

Onlardan 864,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.