BAKI, 8 avqust. TELEQRAF
Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması məqsədilə kompleks tədqiqatlara başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Nazirliyin təşəbbüsü ilə həyata keçirilən layihəyə Bakı Dövlət Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstək verir, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, "Letgen Biotechnology" və "Bayramlı Group" şirkətləri isə tərəfdaş qismində iştirak edirlər.
Qarabağ və Dilbaz at cinslərinin genetik tədqiqinə dair layihənin əsas məqsədi bu iki yerli at cinsinin genetik xüsusiyyətlərini öyrənmək və onları qorumaqdır. Bu məqsədlə yerli və Türkiyəli mütəxəssislər tərəfindən müxtəlif təsərrüfatlardan qan və tük nümunələri toplanıb, atlar xarici görünüşlərinə görə qiymətləndirilib.
Götürülmüş nümunələrin analizi əsasında layihənin yekun hədəfləri Qarabağ və Dilbaz at cinslərinin ilk dəfə tam genomik xəritəsinin hazırlanması, seçmə və damazlıq işlərində marker-assisted selection (MAS) sistemlərinin tətbiqi, genotip-fenotip assosiasiyalarına əsaslanan seleksiya səmərəliliyinin artırılması, genetik məlumatların genobank şəklində qorunması və tədqiqat nəticələrinin qlobal elmi bazalara (məsələn, NCBI) inteqrasiyası kimi müəyyən edilib.
Qeyd edək ki, layihə nəticəsində elmi məqalələr çap ediləcək, genetik məlumatlar bazada saxlanacaq və seleksiya işləri təkmilləşdiriləcək.