BAKI, 8 avqust. TELEQRAF

Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) “Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmir edilib.

ASCO-dan Teleqraf-a verilən məlumata görə təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

Təmir çərçivəsində gəminin baş mühərrikləri, braşpil və şpil qurğuları, nasoslar, boru sistemləri, elektrik avadanlıqları, heyət üçün yaşayış sahələri, sanitar qovşaqlar və yeməkxana yenilənib. Gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib, zədələnmiş sahələr və protektorlar dəyişdirilib.

Hərəkət-sükan kompleksi, dib-yan armaturları, lövbər qurğuları və zəncirləri sazlanıb. Helikopter meydançasının leyer çəpəri və drenaj sistemi əsaslı təmir olunub. Gəmiyə 3 dəst stasionar radiostansiya, girokompas, qəza radiomayakı (EPIRB) və “İnmarsat-C” rabitə avadanlığı quraşdırılıb.Təmir işlərindən sonra gəmi sınaq üzüşünə çıxarılıb və uğurla istismara qaytarılıb.

Qeyd edək ki, 91,8 metr uzunluğa və 17 metr enə malik gəmi DP sistemi ilə təchiz olunub. O, 300 metrədək dərinlikdə dalğıc, 1000 metrədək isə digər sualtı işlərin görülməsi üçün nəzərdə tutulub.