BAKI, 7 avqust. TELEQRAF
Birinci yarımildə "Azəri-Çıraq-Günəşli" ( AÇG) və "Şahdəniz " yataqlarından neft və qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməyə davam edib.
Teleqraf xəbər verir ki, bu barədə bp-nin hesabatında qeyd olunub.
İlk altı ay ərzində terminal təxminən 106 milyon barel neft və kondensat ixrac edib və bu həcmlərin hamısı "Bakı-Tbilisi-Ceyhan" boru kəməri vasitəsilə nəql olunub.
Qeyd edək ki, bu ilin birinci rübündə terminaldan təxminən 52,3 milyon barel neft və kondensat ixrac edilib. Bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.
İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 616 milyon standart kubfut) Şahdəniz qazı göndərilib.
Müqayisə üçün bildirək ki, bu ilin birinci rübündə orta hesabla təxminən 73,3 milyon standart kubmetr (təxminən 2 milyard 589 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilmişdi.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün isə təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir.