BAKI, 6 avqust.TELEQRAF
Bu ilin ilk yarısında təsərrüfatlara dəymiş zərərə görə 4 milyon 435 min manat sığorta ödənişi edilib.
Aqrar Sığorta Fondudan Teleqraf-a verilən məlumata görə yanvar-iyun aylarında fond tərəfindən 13 milyon 115 min AZN, yəni ötən ilin eyni dövrünə nisbətdə 18% artıq sığorta haqqı toplanılıb. Bitkiçilik üzrə sığorta haqqı 13%, heyvandarlıq üzrə sığorta haqqı isə 65% artıb.
Eyni zamanda təsərrüfatlara dəymiş zərərə görə ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edilib. İlk yarımillikdə fermerlərə əkin sahələri üzrə 4 milyon 245 min manat, heyvandarlıq üzrə isə 190 min manat sığorta ödənişi verilib. Zərər ödənişinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artıq olub.
Həmçinin fond tərəfindən 342,6 min hektar əkin sahəsi sığorta edilib. Bu sahələr üzrə ödənilən sığorta haqqı 11 milyon 475 min manat, təminat verilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib. Bu il eyni zamanda ölkəmizdə ilk dəfə olaraq çiyələk sahələrinin sığortası həyata keçirilib.
Ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, ötən ilin eyni dövrünə nisbətən sığortalanan heyvanların sayı 84% artıb. Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 65% çoxdur. Heyvandarlıq sığortası üzrə sığorta təminatı məbləği 19 milyon 747 min manata çatıb.
Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında əkin sahələrinə ən çox zərər vuran hadisələr dolu (65%), fırtına (17%), sel-subasma (15%) və leysan (2%) olub. Hesabat dövründə ən çox sığorta ödənişi taxıl, qarğıdalı və pambıqdan sonra günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız kimi bitkilərə edilib. Ən çox zərər ödənişi həyata keçirilən rayonlar isə Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəki olub.