BAKI, 4 avqust. TELEQRAF
Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra tikinti və layihə işlərinə ümumilikdə 5 milyon 773 min 449 manat xərc çəkiləcək.
Teleqraf xəbər verir ki, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs işlərin görülməsi ilə bağlı əsasən “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited Şirkəti”nin Azərbaycan filialı ilə müqavilə imzalayıb. Şirkətə Ağdam şəhərinin inzibati ərazisində inzibati bina kompleksi və şəhər meydanının layihəsinə dəyişikliklər edilməsi üçün 1 milyon 43 min 624 manat vəsait ödənib. İşlərə iyulun 30-da start verilib və oktyabrın 30-da başa çatacaq.
“Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited" Şirkəti ilə həmçinin Füzuli şəhərində inzibati binanın layihəsinə əlavələr və dəyişikliklər edilməsi üçün 1 milyon 361 min 953 manatlıq müqavilə bağlanıb. Bu işlər də iyulun 30-da başlayıb və oktyabrın 30-da tamamlanacaq.
Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsində layihə dəyişikliklərinin aparılması üçün isə “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited" Şirkəti ilə 1 milyon 662 min 43 manat, Tuğ yaşayış məntəqəsində isə eyni işlər üçün 1 milyon 304 min 166 manat dəyərində müqavilə imzalanıb. Hər iki layihə iyulun 30-da başlayıb və oktyabrın 30-da yekunlaşdırılacaq.
Eyni şirkətlə Hadrut və Tuğ kəndlərinin tikintisinə müəllif nəzarəti xidmətləri ( müvafiq olaraq 41 min 524 manat, 40 min 651 manat) ilə bağlı müqavilə imzalanıb. Nəzarət xidməti 2026-cı ilin iyulun 30-na qədər davam edcək.
Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş ərazilərində mərasim və tədbirlərin təşkili üçün“Reklamda Özünü Tənzimləmə Agentliyi”ilə 319 min 488 manat dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, "Reklamda Özünü Tənzimləmə Agentliyi”nin nizamnamə kapitalı 100 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Quliyeva Afaq Şükür qızıdır.