BAKI, 1 avqust. TELEQRAF
Qırğızıstanla beynəlxalq yükdaşımalarında “e-Permit” – elektron icazə blankının tətbiqinə başlanılıb.
Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Teleqraf-a verilən məlumata görə, Türkiyə və Özbəkistandan sonra Qırğızıstanla da beynəlxalq yükdaşımalarında “e-Permit” – elektron icazə blankının tətbiqi ilə yükdaşımalar həyata keçirilib. Gürcüstan–Qırğızıstan marşrutu üzrə ölkəmizin ərazisindən tranzit yük daşıyan Qırğızıstanın daşıyıcı şirkətinə məxsus yük avtomobili Azərbaycana daxil olub.
Eyni zamanda, Azərbaycana məxsus nəqliyyat vasitələrinə də Qırğızıstana beynəlxalq yükdaşımalarının həyata keçirilməsi üçün elektron icazə blankları təqdim olunub. Yaxın günlərdə Azərbaycan–Qırğızıstan marşrutu üzrə bu elektron “icazə” blanklarından istifadə edilməklə ikitərəfli beynəlxalq yükdaşımaların həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “icazə” blanklarının rəqəmsal mübadiləsi və verilməsinin tam elektronlaşdırılması bu prosesin şəffaflığını təmin edir, yükdaşımaların təşkili zamanı səmərəliliyi artırır və daşıyıcılar üçün icazə alınması prosesində vaxt və resurslara qənaət imkanı yaradır. Layihə çərçivəsində mərhələli şəkildə beynəlxalq yükdaşımaları həyata keçirilən digər ölkələrlə də “icazə” blanklarının elektron formada mübadiləsi və təqdim olunması nəzərdə tutulur.
Hazırda beynəlxalq yükdaşımalar sahəsində elektronlaşdırma və rəqəmsal texnologiyaların daha geniş tətbiqi istiqamətində işlər davam etdirilir.