BAKI, 30 iyul. TELEQRAF
Sumqayıt Kimya Sənaye Parkında hazırda investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Teleqraf- a verilən məlumata görə bunlardan artıq 28-i fəaliyyət göstərir. Sahibkarlar tərəfindən bugünədək 5,56 milyard manat investisiya yatırılıb, 6300-dən artıq daimi iş yeri yaradılıb.
2015-ci ildən 2025-ci ilin I yarımilliyi daxil olmaqla Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 14,37 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun da 5,17 milyard manatlıq hissəsi ixracın payına düşür.
Cari ilin birinci yarısında Sənaye Parkında 1,14 milyard manatlıq məhsul satışı olunub ki, bunun da 544,8 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə ixrac təqribən 20%-ə yaxın artıb.
Parkda istehsal edilən tikinti kimyəvilərin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində uğurlar əldə edilib. Əsasən bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.