BAKI, 29 iyul. TELEQRAF
İyulun 30-da “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Şelburn”una qarşı keçirəcəyi cavab oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
"Bakı Metropoliteni"ndən Teleqraf-a verilən məlumata görə oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.
“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin arena istiqamətində yönləndirilmələri, səmti düzgün müəyyən etmələri, həmçinin təhlükəsiz və rahat daşınmaları üçün əlavə tədbirlər görüləcək.
Bu stadionda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı Metropoliteninin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmləri gücləndiriləcək. Stansiyada əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.
Nəzarət tədbirləri “Nərimanov” və “28 May” stansiyalarında da nəzərdə tutulur.
Metropoliten xətlərində qatarlar hərəkətini yay qrafikinə uyğun davam etdirəcək. Lakin xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" oyunu saat 20:00-da başlanacaq. İlk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 3:0.