BAKI, 24 iyul. TELEQRAF

"Bakı Metropoliteni" infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi məqsədilə Türkiyənin mühəndislik və layihələndirmə şirkəti olan “Yüksel Proje” şirkəti ilə müqavilə imzalayıb. Artıq öhdəliklərin icrasına start verilib.

Teleqraf xəbər verir ki, müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi; “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi; “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Müqavilənin ümumi dəyəri 35,4 milyon manat təşkil edir və satınalma prosesi “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

Vergi və inzibati öhdəliklərin Azərbaycan hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda layihənin idarəolunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycanda təsis etdiyi “Yüksel Proje” MMC ilə imzalanıb.

Qeyd edək ki, 45 ildən artıq beynəlxalq təcrübəyə malik olan “Yüksel Proje”nin adı dünyanın ən böyük 225 layihələndirmə şirkətinin müəyyən edildiyi ENR 2023 siyahısındadır. Şirkət bu günə qədər dünyanın 30-dan çox ölkəsində, eləcə də Türkiyənin bir sıra böyük şəhərlərində metro və dəmir yolu layihələrinin uğurla layihələndirilməsi və idarə edilməsində iştirak edib. Fəaliyyətində müasir texnologiyalara əsaslanan şirkət Tikinti İnformasiya Modelləşdirilməsi (BİM) metodologiyasından istifadə edir və “ISO 9001”, “ISO 14001” və “ISO 45001” beynəlxalq sertifikatlarına sahibdir.