BAKI, 22 iyul. TELEQRAF

Xankəndi şəhərində Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin inzibati binası tikiləcək.

Teleqraf xəbər verir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi binanın tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı “Qala Group” MMC ilə bir mənbədən müqavilə bağlayıb.

Müqavilənin dəyəri 330 min 990 manatdır. İşlərə iyulun 11-də başlanılıb, sentyabrın 21-i başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, cari il ərzində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri ilə bağlı bir neçə müqavilə imzalayıb.

Belə ki, Ağdam rayonundakı fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərində tikinti, təmir və bərpa işləri “Rabitəinşaat” ASC tərəfindən 427 min 41 manata görüləcək.

Eyni zamanda, Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri ilə bağlı “İnşaat Servis-2” MMC ilə ümumi dəyəri 1 milyon 434 min 980 manat olan iki müqavilə imzalanıb.

Xatırladaq ki, 2024-cü ildə də “İnşaat Servis-2” MMC ilə müvafiq məzmunlu ümumi dəyəri 2 milyon 255 min 220 manat olan iki müqavilə imzalanıb.

İki il ərzində Gəncə şəhərində görüləcək müvafiq işlər üçün imzalanan müqavilələrin ümumilikdə dəyəri 3 milyon 690 min 200 manat olub.

Eyni zamanda, Gəncə şəhəri və Füzuli rayonunda isə dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri ilə bağlı “Az Graft Construction” MMC ilə ümumi dəyəri 2 milyon 598 min 369 olan iki müqavilə imzalanıb.