BAKI, 17 iyul. TELEQRAF

Bu ilin yanvar–iyun ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 289 310 şəxs qəbul olunub və onlara 456 881 xidmət göstərilib. Hesabat dövründə ümumilikdə 149 939 müraciət üzrə vergi ödəyicilərinə 226 072 "Asan İmza" sertifikatı təqdim edilib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, göstərilən xidmətlərin 158,8 mindən çoxu şifahi, yəni vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualların cavablandırılmasına yönəlib. 105 mindən çox xidmət isə elektron formada həyata keçirilib.

Yanvar–iyun aylarında vergi ödəyicilərindən 17 mindən çox yazılı müraciət daxil olub və onlara təxminən 14 milyon məlumatlandırıcı məktub və bildiriş göndərilib. Eyni zamanda 2 104 vergi ödəyicisinin iştirakı ilə 205 görüş keçirilib, 2 541 vergi ödəyicisinə isə ünvanlı xidmət göstərilib.

Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 583 mindən çox SMS göndərilib.