BAKI, 14 iyul. TELEQRAF
Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi, konsepsiyanın hazırlanması gündəmdədir.
Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, bununla bağlı “Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupu”nun ilk iclası keçirilib.
İşçi qrupuna daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda torpaq idarəçiliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi qərara alınıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev torpaq münasibətlərinin müasir dövrün tələblərinə uyğun tənzimlənməsinin, torpaqların idarəedilməsində, onların istifadəsinə nəzarət və mühafizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb:
"Torpaq Məcəlləsinin konsepsiyasında müasir çağırışlar fonunda iqlim dəyişikliyi və onun təsirlərinin nəzərə alınması, ölkə ərazisində özbaşına tikililərə, təyinatdan kənar istifadə və mühafizə zonalarına riayət edilməsinə münasibətdə yeni nəzarət mexanizminin yaradılması, torpaq sahələrinin konsolidasiyası və digər məsələlərin əks olunması məqsədəuyğundur".