BAKI, 11 iyul. TELEQRAF
Bu ilin yanvar – iyun ayları ərzində vergi orqanlarına 228 min 622 müraciət daxil olub.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, daxil olmuş müraciətlərdən 95,3 faizi ərizə, 4,6 faizi şikayət, 0,1 faizi təklif olub. Müraciətlərdən 94,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 5,2 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 52,4 faizi həll olunub, 45,9 faizi ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həll edilmiş 3.241 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, vergi ödəyicilərinin qeydiyyatı, şəxsi hesab vərəqələri, vergi borcu və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 414 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.