BAKI, 4 iyul. TELEQRAF
Ölkə üzrə taxıl biçini 70,4% tamamlanıb və sahələrdən 2,2 milyon tondan çox məhsul yığılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə , respublika üzrə taxıl sahələrinin 70,4 faizi biçilib. Sahələrdən ümumilikdə 2 213 592 ton məhsul yığılıb ki, bunun 996 336 tonu buğda, 1 217 227 tonu isə arpaya aiddir.
Biçin prosesi 61 rayondan 20-də tam yekunlaşıb, o cümlədən 16 rayonda buğda, 34 rayonda arpa biçini başa çatıb. Taxıl üzrə orta məhsuldarlıq 33,8 sentner/hektar təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 sentner/hektar çoxdur. Buğdada məhsuldarlıq 36,7 sentner/hektar, arpada isə 31,8 sentner/hektar səviyyəsindədir.
Qeyd edək ki, hazırda taxıl biçini əsasən dağlıq və dağətəyi rayonlarda davam edir. Biçin prosesində ümumilikdə 1 344 kombayn iştirak edir. Bunlardan 475-i “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin, 869-u isə fiziki və hüquqi şəxslərin balansında olan kombaynlardır.