BAKI, 30 iyun. TELEQRAF

Ölkə üzrə payızlıq taxıl sahələrinin 58,6 faizində biçin işləri tamamlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə indiyədək 546 787 hektar sahədən 1 milyon 849 min 872 ton məhsul yığılıb. Orta məhsuldarlıq 33,8 sent/ha təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 sent/ha çoxdur.

Bu il ümumilikdə 932 min hektardan artıq sahədə payızlıq taxıl əkilib. Bunun 505 696 hektarını buğda, 426 623 hektarını isə arpa sahələri təşkil edir. Biçin göstəricilərinə görə, buğda sahələrinin 38,8 faizində, arpa sahələrinin isə 82,2 faizində biçin prosesi artıq yekunlaşıb. Buğda üzrə orta məhsuldarlıq 37,2 sent/ha, arpa üzrə isə 32 sent/ha olub.

Hazırda 14 rayonda arpa biçini tam başa çatıb. 17 rayonda biçin işlərinin 90 faizdən çoxu tamamlanıb. Yevlax rayonunda buğda biçini başa çatdırılıb, Saatlı, Göyçay, Ağdaş, Bərdə, Masallı və Ucar rayonlarında isə son mərhələyə keçilib.

Ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb — 55 sent/ha. Samuxda buğda üzrə məhsuldarlıq 49,5 sent/ha, Bərdə, İmişli və Sabirabadda isə arpa üzrə 39,4 sent/ha təşkil edib.

Qeyd edək ki, biçin prosesində ümumilikdə 1 526 kombayn iştirak edir. Onlardan 565-i “Aqroservis” ASC-yə, 961-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.