BAKI, 23 iyun. TELEQRAF

İran tərəfindən Hörmüz boğazı bağlanarsa neftin qiyməti qısa dövr üçün 100–120 ABŞ dollarını keçə bilər. Lakin qara qızılın uzunmüddətli perspektivdə bu səviyyədə qalması ehtimal olunmur.

Teleqraf xəbər verir ki, bu barədə ekspertlər TASS-a açıqlamalarında deyib.

“Kasatkin Consulting” şirkətinin tərəfdaşı Dmitri Kasatkin qeyd edib ki, Hörmüz boğazının mümkün bağlanması son onilliklər ərzində neft və qaz bazarı üçün ən mühüm geosiyasi şok olacaq. O, bildirib ki, bu dar dəniz keçidindən hər gün dünya neft istehlakının təxminən 20%-i və Qətərin maye qaz ixracının 25%-dən çoxu keçir.

“Hətta qısamüddətli blokada qiymətlərdə kəskin sıçrayışına səbəb olacaq. Hörmüz boğazının tam və davamlı şəkildə bağlanması halında “Brent” markalı neftin qiyməti müvəqqəti olaraq bir barel üçün 120 ABŞ dollara qalxa bilər. Təkcə xam neftin deyil, kondensat və neft məhsullarının da tədarükü dayandırıla bilər. Daha yumşaq ssenari (məsələn, bəzi gəmilər üçün keçidin bağlanması kimi qismən destabilizasiya) neftin qiymətini 90–100 dollar aralığında yüksəlməsi ola bilər”, – deyə o bildirib.

Kasatkin diqqəti Hörmüz boğazının bağlanması halında xammal ehtiyatlarının itirilmiş həcmlərini tez bir zamanda əvəz etməyin praktiki olaraq qeyri-mümkün olmasına diqqət çəkib:

“Səudiyyə Ərəbistanı və BƏƏ nəzəri olaraq neftin bir hissəsini ŞƏRQ-QƏRB boru kəməri ilə boğazdan yan keçməklə (ötürmə qabiliyyəti sutkada 5 milyon barelə qədər) daşıya bilər, lakin bu, kifayət deyil. ABŞ istehsalın artımı üçün çox məhdud potensiala malikdir, logistika və infrastruktur istehsalın sürətlə artmasına imkan verməyəcək".

Kasatkinin fikrincə, bazar artıq son dərəcə yüksək volatillik zonasına daxil olub:

“İranda siyasi rejimin dəyişməsi riski də əhəmiyyətli faktor olaraq qalır, bu isə qısamüddətli hasilat qeyri-sabitliyi və (sanksiyaların ləğvi fonunda) hətta İran neftinin yenidən qlobal bazarlara qayıtması ilə nəticələnə bilər. Belə bir ssenaridə neftin qiyməti əvvəlcə kəskin arta, daha sonra isə 40–50 dollar/barel səviyyəsinə qədər enə bilər”, – deyə o ehtimal edib.

“Mind Money” analitik mərkəzinin rəhbəri İqor İsayev də İran və İsrail arasında münaqişənin kəskinləşməsi halında neftin qiymətində qısamüddətli artımı istisna etməyib. Onun sözlərinə görə, qarşıdurmanın dərinləşməsi qlobal neft bazarının sabitliyinə ciddi təhdid yaradır:

“Bu geosiyasi hadisələr fonunda neftin qiyməti artıq illik minimumlarla müqayisədə 28% artıb. Fikrimcə, vəziyyətin daha da pisləşməsi qısamüddətli, kəskin qiymət sıçrayışına, hətta 100 dollarda yuxarı səviyyəyə çatmasına səbəb olar”, – deyə ekspert vurğulayıb.

Bundan əlavə, İsayev əlavə edib ki, İranın Hörmüz boğazını bağlaması nəticəsində qlobal tanker daşımaları daha uzun və daha bahalı marşrutlara istiqamətləndiriləcək. Bu da daşıma qiymətlərinin artmasına, eləcə də iqtisadi qeyri-sabitliyə, inflyasiyaya səbəb olacaq.

Qeyd edək ki, hazırda Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.56% azalaraq 76.92 dollar/barel olub.