BAKI, 23 iyun.TELEQRAF
“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Qarabağdakı radio-yayım stansiyalarının işini daha da yaxşılaşdırmaq məqsədilə yeni avadanlıqlar alacaq.
Teleqraf xəbər verir ki, istehsalat birliyi müvafiq işlər üzrə tender elan edib və podratçı axtarışındadır.
Bu məqsədlə, Qarabağdakı stansiyalar üçün dizel generatorlarının alınmasına 996.477,67 manat ayrılıb. Təkliflərin qiymətləndirilməsi və zərflərin açılması 16 iyul 2025 tarixində baş tutacaq.
Bundan əlavə, yayım avadanlıqlarına lazım olan mal-materialların satın alınması üçün 22.341,53 manat büdcə ayrılıb. Təkliflərin qiymətləndirilməsi iyulun 18-də keçiriləcək. Elə zərflər də həmin tarixdə açılacaq.
Həmçinin istehsalat birliyi, stansiyalarda istifadə olunması nəzərdə tutulan odsöndürən balonların alınması üçün 1.970,60 manat və yayım avadanlıqlarının yerləşdirilməsi məqsədilə konteynerlərin alınması üçün isə 226.769,66 manat dəyərində tenderlər elan edib.
Qeyd edək ki, hər iki tenderin zərfləri 17 iyul 2025 tarixində açılacaq.