BAKI, 18 iyun. TELEQRAF

Son illər ərzində Orta Dəhliz ilə yükdaşımaların müddəti əhəmiyyətli dərəcədə azaldılaraq 38-53 gündən 19-23 günə endirilib. Bu müddətin 15 günə qədər azaldılması hədəflənir.

Teleqraf xəbər verir ki, bu barədə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) birgə nəşr etdiyi Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi mövzusunda hesabatda qeyd edilib.

Müqayisə üçün qeyd edək ki, Çinlə Avropa arasında dəniz yolu ilə yükdaşımalar 30-45 gün çəkir. Lakin son vaxtlar Qırmızı dənizdə baş verənlər bu marşrut üzrə nəqliyyat müddətinin uzanmasına səbəb olub.

Məlumata görə, 2030-cu ilə qədər dəhliz boyunca illik yükdaşımanın 10 milyon tona çatdırılması hədəflənir. Bu məqsədə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzrə infrastrukturun inkişafı, gömrük prosedurlarının uyğunlaşdırılması və logistika sahəsində əlaqələndirmənin davamlı şəkildə gücləndirilməsi planlaşdırılır.

Dünya Bankının məlumatına görə, Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2021-ci ildən 2030-cu ilə qədər üç dəfə artaraq illik 11 milyon tona çata bilər.

Bu artım əsasən Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında iqtisadi artımdan irəli gəlir. Hesabatda bildirilib ki, Orta Dəhliz əsasən regional marşrut olaraq qalacaq və 2030-cu ilə qədər interkontinental ticarət onun ümumi həcminin 40%-dən azını təşkil edəcək. Bununla belə, Çin və Avropa İttifaqı arasında son dövrlərdə intensivləşən diplomatik fəaliyyət bu proqnozların yuxarı doğru yenilənməsi ilə nəticələnə bilər. 2023-cü ildə Qazaxıstan və Azərbaycan üzrə ixrac və idxalın Orta Dəhliz boyunca yükdaşımaların 62%-ni təşkil edəcəyi proqnozlaşdırılmışdı.