
BAKI, 18 iyun. TELEQRAF
Bu ilin aprelində Türkiyədə özəl sektorun ümumi xarici borcu ötən ilin sonuna nisbətən 13,8 milyard dollar artaraq 185,9 milyard dollara yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankı (TCMB) məlumat yayıb.
Məlumata əsasən, özəl sektorun uzunmüddətli xarici borcu 16,7 milyard dollar artaraq 173,5 milyard dollara çatıb. Qısamüddətli xarici borc isə, əksinə, 2,9 milyard dollar azalaraq 12,5 milyard dollar təşkil edib.
Cari ilin ilk dörd ayında maliyyə qurumlarının xarici borcu 3,3 milyard dollar, qeyri-maliyyə qurumlarının borcu isə 10,4 milyard dollar artıb. Bu artım əsasən uzunmüddətli borclarda müşahidə olunub. Belə ki, maliyyə institutlarının uzunmüddətli borcu 6,3 milyard dollar, qeyri-maliyyə korporasiyalarının uzunmüddətli borcu isə 10,4 milyard dollar artıb. Qısamüddətli borc isə maliyyə institutlarında 2,9 milyard dollar azalıb, qeyri-maliyyə qurumlarında isə 0,3 milyard dollar artıb.
Onu da bildirək ki, aprel ayına olan vəziyyətə görə, özəl sektorun bir il ərzində ödəməli olduğu xarici borcun ümumi məbləği 56,6 milyard dollardır. Bu borcun 37,9 milyard dolları banklara, 14,5 milyard dolları qeyri-maliyyə təşkilatlarına, 4,2 milyard dolları isə qeyri-bank maliyyə institutlarına aiddir.