BAKI, 17 iyun. TELEQRAF

Respublika üzrə arpa sahələrinin 42,5%-ində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata əsasən bu il ölkə üzrə 426 623 hektar sahədə payızlıq arpa əkilib və bu sahələrin 42,5%-ində biçin artıq yekunlaşıb. Arpa üzrə orta məhsuldarlıq isə 32 sentner/hektar qeydə alınıb.

Hazırda 43 rayonda arpa biçini aparılır. Cəlilabad, Bərdə, Neftçala, Salyan və Yevlax rayonlarında isə artıq biçin yekunlaşır. Belə ki, bu rayonlarda arpa sahələrinin 90%-dən çoxu artıq biçilib. Ən yüksək məhsuldarlıq Hacıqabul (40 sent/ha), Bərdə (39,4 sent/ha), Sabirabad (38,7 sent/ha) və Salyan (38,4 sent/ha) rayonları üzrədir.

Eyni zamanada ölkə üzrə taxıl sahələrinin 21%-ində biçin başa çatıb. İyunun 17-nə olan məlumata əsasən, biçin aparılmış 196 064 hektar sahədən ümumilikdə 631 824 ton məhsul toplanılıb. Orta məhsuldarlıq isə 32,2 sentner/hektar təşkil edib. Taxıl biçininə 1415 kombayn cəlb olunub. Onlardan 579-u “Aqroservis” ASC-yə, 836-sı isə fiziki və hüquqi şəxslərə məxsusdur. Ən çox kombayn Cəlilabad (125), Şəki (116), Neftçala (82) və Kürdəmir (78) rayonlarının taxıl sahələrində biçin aparır.

Qeyd edək ki, Sabirabad rayonunda da bu il 20 290 hektar sahədə payızlıq taxıl əkilib. Bunun 10 904 hektarını buğda, 9 387 hektarını isə arpa sahələri təşkil edir.Rayon üzrə arpa sahələrinin 70%-ində, buğda sahələrinin isə 2,3%-ində biçin başa çatıb. Orta məhsuldarlıq arpa üzrə 38,7 sent/ha, buğda üzrə isə 43,4 sent/ha təşkil edir. Biçin prosesinə ümumilikdə 64 kombayn cəlb olunub. Bunlardan 23-ü “Aqroservis” ASC-yə, 41-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Xatırladaq ki, yaxın günlərdə ölkə üzrə buğda biçininə də start veriləcək.