BAKI, 5 iyun. TELEQRAF
2025-ci ildə qlobal enerji sərmayələrinin həcmi rekord səviyyəyə, yəni, 3,3 trilyon ABŞ dollarına çatacaq. Bu məbləğin təxminən üçdə ikisi, yəni 2,2 trilyon dolları, təmiz enerji texnologiyalarının payına düşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin dərc etdiyi (IEA) Dünya Enerji İnvestisiyaları 2025 hesabatında qeyd olunub.
Agentlikdən bildirilib ki, geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, enerji sərmayələri ötən illə müqayisədə 2 faiz artaraq yeni zirvəyə çatacaq. Təmiz enerji texnologiyalarına yönələn bu investisiyalar arasında bərpa olunan enerji, nüvə enerjisi, enerji şəbəkələri, saxlama sistemləri, aşağı emissiyalı yanacaqlar və elektrikləşdirmə layihələri ön plandadır.
Agentliyin məlumatına görə, bu artım yalnız emissiyaların azaldılması səyləri ilə deyil, həm də enerji təhlükəsizliyi, sənaye siyasətləri və elektrik əsaslı həllərin iqtisadi cəhətdən daha cəlbedici olması ilə əlaqələndirilir.
Əlavə olaraq, hesabatda qeyd olunub ki, elektrik enerjisi sektoruna investisiyalar neft, qaz və kömür sektorlarına sərmayələri 50 faiz üstələyəcək. Müqayisə üçün bildirək ki, 10 il əvvəl qalıq yanacaqlara qoyulan investisiyalar elektrik istehsalı və şəbəkə yatırımlarını 30 faiz üstələyirdi.
Qeyd edək ki, təmiz enerji sahəsində ən çox sərmayə günəş enerjisi istehsalı sektoruna yönəldiləcək. Belə ki, bu sahəyə 450 milyard dollar investisiya qoyluşu gözlənilir. Bu, son 5 ildə təxminən iki dəfə artım deməkdir. Nüvə enerjisinə yatırımlar isə son 5 ildə 50 faiz artaraq 75 milyard dollara çatacaq.
Məlumat üçün bildirək ki, Çin qlobal enerji sərmayələrində 33 faiz payla dünyanın ən böyük investorudur. Bu göstərici 10 il əvvəl 25 faiz səviyyəsində idi. Son illərdə ölkənin günəş, külək, hidroelektrik, nüvə enerjisi, akkumulyator və elektrik nəqliyyat vasitələri sahələrinə yatırdığı investisiyalar bu artımın əsas səbəbi kimi göstərilir.