BAKI, 4 iyun. TELEQRAF
Abşeron rayonu Məmmədli kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Aqrar Xidmətlər Agentliyi (AXA), Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a məlumat verilib.
Qeyd edilib ki, hər üç dövlət qurumunun mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, sudan və balıqlardan nümunələr götürülüb.
Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.