BAKI, 29 may. TELEQRAF
2025-ci ilin ilk dörd ayında ölçmə vasitələrinin tipinin təsdiqi ilə bağlı 1697 müraciət daxil olub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə ilin yanvar-aprel ayları ərzində ölçmə vasitələrinin tipinin təsdiqi ilə bağlı agentliyə 1697 müraciət daxil olub. Bu müraciətlər əsasında 577 sayda ölçmə vasitəsinin tipi təsdiq olunaraq müvafiq sertifikat verilib.
Qeyd edək ki, standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi insan həyat və sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, eləcə də cəmiyyət və dövlətin tələbatının ödənilməsi məqsədilə həyata keçirilən mühüm tənzimləmə prosesidir. Bu proses ölçmə vasitələrinin istifadədən əvvəl standartların və digər normativ sənədlərin tələblərinə uyğunluğunu təmin etməyə xidmət edir.
Ölçmə vasitələrinin tipinin təsdiqi, eyni zamanda, aparılan ölçmələrin obyektiv, etibarlı və müqayisə edilə bilən nəticələrlə müşayiət olunmasına imkan yaradır.