BAKI, 27 may. TELEQRAF

Hesabat ilində ali təhsil və digər müəssisələrdə dövlət sifarişi üzrə 96075 nəfər, magistratura səviyyəsi üzrə 10652 nəfər, rezidentura səviyyəsi üzrə 1622 nəfər, doktorantura səviyyəsi üzrə 1248 nəfər, ikitərəfli saziş və müqavilələr üzrə əcnəbi 104 nəfər, cəmi 109701 tələbənin, 253,1 milyon manat təhsil və 141,1 milyon manat təqaüd xərcləri, cəmi 394,2 milyon manat ödənilib.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Bununla yanaşı, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi ilə bağlı xərclər hesabına 2024-cü il ərzində ali təhsil üzrə ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu 12528 nəfər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan 665 nəfər, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan və ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan 1600 nəfər, ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı alan 667 nəfər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilən 574 nəfər, şəhid ailəsinin üzvü 11 nəfər, eləcə də sözügedən imtiyazlı şəxslər üzrə orta ixtisas təhsil müəssiələrində 2299 nəfər və peşə təhsili müəssiələrində 185 nəfər, cəmi 18529 nəfər tələbənin 51,4 milyon manat təhsil və valideynlərini itirən və valideyn himayəsindən məhrum olan tələbələrə 2,6 milyon manat təqaüd xərcləri, cəmi 54 milyon manat sərf edilib.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.