BAKI, 27 may. TELEQRAF
2024-cü ildə Formula 1 Azərbaycan Qran-Prisinin təşkili üçün dövlət büdcəsindən 168 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, məlumat “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, Qran-Prisdən sonra ən çox vəsait ayrılan tədbirlər sırasında BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyası (COP29) (10 milyon manat), İnvestisiya Təşviqi Forumu və digər təşviqat tədbirləri (4,5 milyon manat), 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (3,5 milyon manat), 11-ci Qlobal Bakı Forumu (2,6 milyon manat) və Xarıbülbül Beynəlxalq Musiqi Festivalı ( 2,3 milyon) yer alır.
Qeyd edək ki, il ərzində müxtəlif səviyyəli tədbirlərə ümumilikdə 195,9 milyon manat büdcə vəsaiti sərf olunub.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunub.