BAKI, 27 may. TELEQRAF
Ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin dövlət zəmanətli kredit üzrə öhdəliyinin icrası üçün “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”dan 149,5 milyon manat ayrılıb.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
“Azərenerji” ASC-nin dövlət zəmanətli kredit üzrə öhdəliyinin icrası üçün “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”dan 94,2 milyon manat ayrılıb.
Əlavə olaraq, “Azərişıq” ASC-nin 52,4 milyon manat, "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi"nin isə 3,1 milyon manat məbləğindəki öhdəlikləri Təminat Fondunun vəsaiti hesabına icra olunub.
Qeyd edək ki, 2024-cü ildə Təminat Fondundan dövlət zəmanəti ilə təmin edilmiş bir sıra öhdəliklərin yerinə yetirilməsi məqsədilə hökumətin müvafiq razılıqları əsasında, ümumilikdə, 299,2 milyon manat sərf edilib.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.