BAKI, 27 may. TELEQRAF

Azərbaycan Elm Fondu 2024-cü ildə publik hüquqi şəxs kimi 4,1 milyon manat məbləğində müqavilə bağlayıb.

Teleqraf xəbər verir ki, bu məlumat “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində yer alıb.

Bundan əlavə, əvvəlki illərdən qrant maliyyələşdirilməsi üçün ayrılmış, lakin 2024-cü ilə qədər istifadə olunmamış 4 milyon 180,4 min manat qalıq vəsait də fondun büdcəsinə daxil edilib. Beləliklə, Elm Fondunun ümumi büdcəsi 8,3 milyon manat təşkil edib.

İlin sonuna qədər 4,4 milyon manat vəsait icra olunub ki, bu da büdcənin 53,7 faizini təşkil edir. Qalıq vəsait isə 3,8 milyon manat olaraq qalıb. Bu vəsait hesabına 2024-cü ildə bağlanmış müqaviləyə əsasən dövlət sifarişi istiqamətində 6 ümumiləşdirilmiş tədbir həyata keçirilib.

Eyni zamanda, fond tərəfindən müxtəlif qrant müsabiqələri üzrə qalib gəlmiş layihələrə də maliyyə dəstəyi göstərilib. “Əsas Qrant Müsabiqəsi–2024” üzrə 16, “Gənc Alim və Tədqiqatçılar” müsabiqəsi üzrə 12, “Mobillik” müsabiqəsi üzrə 11, “Azərbaycan–Türkiyə (AzTürk-3)” birgə beynəlxalq qrant müsabiqəsi üzrə 1, “Qarabağ–Azərbaycandır!–2” müsabiqəsi üzrə isə 5 layihəyə ümumilikdə 3,7 milyon manat vəsait ödənilib.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.