BAKI, 23 may. TELEQRAF
Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Xəzər dənizinə 100 000 nərə və 20 000 Xəzər qızılbalığı buraxılıb.
Kənd Təsərrüaftı Nazirliyindən Teleqraf-a verilən məlumata görə Neftçala rayonunda yerləşən Kür-Təcrübi Nərə Balıqartırma Zavodunda Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat, Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe, Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero, Rusiya və Qazaxıstanın Azərbaycandakı diplomatik korpus nümayəndələri, aidiyyatı dövlət qurumlarının təmsilçiləri, “LU-MUN Holding” MMC-nin İdarə Heyətinin sədri Emil Məmmədsadıqov, balıqçılıq və akvakultura müəssisələrinin əməkdaşları iştirak ediblər.
Məcnun Məmmədov bildirib ki, biomüxtəlifliyin qorunması və balıq ehtiyatlarının düzgün idarə olunması ətraf mühitin mühafizəsi və regionlarda iqtisadi fəaliyyətin davamlılığı baxımından vacibdir. Nazir vurğulayıb ki, Xəzər dənizi və daxili su hövzələrində nadir növlərin mühafizəsi, qanunsuz ovla mübarizə və elmi əsaslı idarəetmə əsas prioritetlərdəndir. Bu istiqamətdə, Prezident İlham Əliyevin 2024-cü il 19 dekabr tarixli Fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” yaradılıb.
Tədbir çərçivəsində “Azerbaijan Fish Farm” MMC tərəfindən Xəzər dənizinə 100 000 nərə balığı və 20 000 Xəzər qızılbalığı buraxılıb. Şirkətin direktoru Nurlan Abdinov bildirib ki, qarşıya qoyulan əsas məqsəd mərhələli şəkildə təbiətə buraxılan balıqların sayını 1 milyona çatdırmaqdır.
Daha sonra nümayəndə heyəti Kür-Təcrübi Nərə Balıqartırma Zavoduna səfər edib, şirkətin müasir texnologiyalar əsasında qurulmuş dayanıqlı balıqçılıq fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, biomüxtəlifliyin qorunmasına yönəlmiş genişmiqyaslı ekoloji təşəbbüs SOCAR, AZAL, “Azerbaijan Poultry Company” (Mercan), “Wings” (Sakura), “Gilan Holding”, “Azvarvara”, “CMS Properties”, “Alltech Coppens” şirkətlərinin dəstəyi ilə həyata keçirilib.

.jpg)
.jpg)
.jpg)
